![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Ölkəmizdə səfərdə olan Moldovanın əmək və sosial müdafiə naziri Marçel Spatarın rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək reabilitasiyası mərkəzində və Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində olublar.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qonaqları hər iki müəssisənin fəaliyyəti ilə tanış edib.
Bildirilib ki, Peşə-əmək Reabilitasiya Mərkəzində 15-29 yaşlı əlilliyi olan şəxslərin müxtəlif peşələr üzrə peşə hazırlığı və reabilitasiyası həyata keçirilir. Müasir tələblərə uyğun qurulmuş Mərkəzdə bu ilin 9 ayında da 448 nəfər əlilliyi olan gənc peşə hazırlığı kurslarına cəlb olunub. Peşə təlimi müddətində gənclər burada yataqxana, yemək ilə də təmin edilir, onlar üçün sosial reabilitasiya yönümlü müxtəlif tədbirlər təşkil olunur.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsində də müasir tələblərə uyğun şərait yaradılıb. Müəssisədə hər bir otaq məişət avadanlıqları ilə təmin olunub. Sakinlərin yaşayışı, keyfiyyətli sosial xidmətlərlə əhatə olunmaları, asudə vaxtlarını mənalı keçirmələri üçün lazımi şərait yaradılıb. Burada kitabxana, idman zalları, əl işləri hazırlamaq üçün emalatxanalar və s. sakinlərin istifadəsindədir.
Ümumilikdə ölkəmizin sosial xidmətlər sistemi, bu sahədə aparılan islahatlar barədə nümayəndə heyətinə məlumat verilib.
Hər iki müəssisə ilə tanış olan moldovalı qonaqlar peşə reabilitasiya kursunda olan gənclərlə və stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunan ahıllarla görüşüb, həmsöhbət olublar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında imzalanan yeni əməkdaşlıq sənədində əlilliyi olan şəxslərin məşğulluq problemlərinin həlli, sosial xidmətlər sahələrində də əməkdaşlığın həyata keçirilməsi əksini tapır.