![]()
Ölümündən sonra proqnozlarının doğru çıxması ilə gündəmə gələn rusiyalı siyasətçi Vladimir Jirinoviskinin İran müharibəsi ilə bağlı öncədən dedikləri diqqət çəkib.
Jirinoviski hələ 2019-cu ildə İran müharibəsi ilə bağlı proqnoz vermişdi. Müharibənin başlanmasından sonra baş verənlər rusiyalı siyasətçinin böyük ölçüdə haqlı çıxdığını deməyə əsas verir.
Onun proqnozuna görə, İsrail İranın nüvə obyektlərini bombalayacaq, sonra “böyük qardaş” – ABŞ müdaxilə edəcək və NATO-nu da prosesə qoşacaq: “Dəhşətli silahlardan istifadə ediləcək, hətta taktiki nüvə silahının işə salınması da ola bilər”.
Hazırda Jirinoviskinin dedikləri yaşanır. İsrail və İran arasında 12 günlük müharibədən sonra ABŞ prosesə qoşuldu, müharibə başlandı. 40 günə qədər davam edən müharibədə atəşkəs əldə olunsa da, sülh perspektivi dumanlı görünür və eskalasiyanın yenidən başlayacağı, daha genişmiqyaslı olacağı gözləniləndir.
Jirinoviski hesab edirdi ki, neft qiymətləri cidi şəkildə artacaq: “ABŞ İrana zərbə endirsə, neft qiyməti 300 dollara qədər qalxacaq. Avropa İttifaqı və Çinin iqtisadiyyatı çökəcək”.
Müharibə başladıqdan, xüsusilə İranın Hörmüzü bloklamasından sonra dünya bazarında neftin qiymətində kəskin artım baş verdi. Ekspertlər qiymətin 200 dollara yüksələcəyini proqnozlaşdırırdılar. Lakin atəşkəsin əldə olunması və danışıqların başlanması bazarı müəyyən qədər tənzimləyib. Hər şey danışıqlardan asılı olacaq. Ki, anlaşma ehtimalları zəifdir. Eskalasiyanın yenidən başlanması neft qiymətini ən azı 200 dollara qədər yüksəlməsinə səbəb ola bilər.
Jirinoviskinin proqnozuna görə, İranda müharibə başladıqdan sonra milyonlarla qaçqın şimala – Cənubi Qafqaza, daha sonra Rusiyaya axın edəcək.
İran daxilində üç milyon insanın ölkənin fərqli bölgələrinə axın etdiyi haqda məlumatlar var. Müharibə davam edərsə, qaçqın axını sərhədləri aşacaq.
Jirinoviski İran müharibəsinin başlanğıc olacağını və Üçüncü Dünya Müharibəsinə yol açacağını düşünürdü.