![]()
ABŞ Hərbi Dəniz Qüvvələri son günlər Asiya sularında İran bayrağı altında üzən ən azı üç tankeri saxlayıb.
Bu barədə "Reuters" agentliyi dəniz təhlükəsizliyi sahəsindəki iki Qərb mənbəsinə istinadən məlumat yayıb.
Məlumata görə, söhbət "Deep Sea", "Dorena" və "Sevin" adlı tankerlərdən gedir. Bildirilir ki, “Deep Sea” gəmisi qismən neftlə yüklənmiş vəziyyətdə olub. “Dorena” isə tam dolu olub və 2 milyon barel neft daşıyıb. “Sevin” tankerinin maksimal tutumu 1 milyon barel təşkil edir və saxlanılan zaman onun 65 faizi doldurulmuş vəziyyətdə olub.
Bundan əlavə, ABŞ hərbçilərinin daha bir gəmini - "Derya" tankerini də ələ keçirmiş ola biləcəyi qeyd olunur.
Xatırladaq ki, hadisələr ABŞ və İran arasında 2026-cı ilin fevral ayının sonlarında başlayan gərginliyin kəskin artması fonunda baş verir. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində Hörmüz boğazı ətrafında vəziyyət daha da gərginləşib.
Qeyd olunur ki, dünya üzrə neft və qaz tədarükünün təxminən 20 faizi məhz bu boğazdan keçir. İranın gəmiçiliyi bağlamaqla bağlı təhdidlərinə cavab olaraq ABŞ regionda hərbi-dəniz mövcudluğunu artırıb və sanksiyalardan yan keçərək İran nefti daşıdığı ehtimal edilən gəmilərin yoxlanışını gücləndirib.