
ABŞ Konqresinin respublikaçı üzvü Tim Berçet hökuməti uçan naməlum obyektlər (UNO) barədə məlumatları ictimaiyyətə açıqlamağa çağırıb.
O, hesab edir ki, bu obyektləri ABŞ, Çin və ya Rusiyanın məxfi texnologiyası kimi izah etmək inandırıcı deyil. Berçetin fikrincə, belə texnologiyalar mövcud olsaydı, artıq real hərbi əməliyyatlarda istifadə olunardı.
Konqresmen bildirib ki, UNO-lar qeyri-adi manevr qabiliyyətinə malikdir, uzun müddət havada sabit qala, ani istiqamət dəyişə və böyük sürətlə hərəkət edə bilirlər. O, həmçinin anonim bir admiralın sözlərinə istinad edərək, radarların çox sürətli və iri ölçülü sualtı obyekt qeydə aldığını deyib.
Berçet vurğulayıb ki, bu xüsusiyyətlərə malik texnologiya hazırda Pentaqonda mövcud deyil. Qeyd edək ki, daha əvvəl Donald Tramp da UNO-larla bağlı bəzi sənədlərin açıqlanacağını bildirmişdi.